23 C
Baku
Bazar ertəsi, Aprel 29, 2024
spot_img

“16 yaşdan kiçik uşaqlara smartfon istifadəsi qadağan edilməlidir”

ABŞ-nin Florida ştatının Nümayəndələr Palatası 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun layihəsi qəbul edib. Qanun sosial media şirkətlərindən 16 yaşından kiçik uşaqların istifadə etdiyi hesabları bağlamağı tələb edir. Son illər Azərbaycanda da yeniyetmələr arasında zərərli vərdişlər sürətlə yayılır, məktəblilər arasında davalar bıçaqlanmaya kimi aparır. Bunun qaynağını sosial şəbəkələrdən istifadədə görənlər də az deyil. 

Sosioloq Elçin Bayramlının sözlərinə görə, tək ABŞ-də deyil, bir çox ölkələrdə haqlı olaraq belə qadağalar tətbiq edilib. Onun fikrincə,artıq elə bir vəziyyət yaranıb ki, bütün dünyada sosial şəbəkələr uşaqlar və gənclər üçün təhlükəli məkana çevrilib. Ekspert Demokrat.az-a açıqlamasında deyib ki, uşaqlar sosial şəbəkələrdə narkomaniya, əxlaqsızlıq və digər hər cür cinayətlərin və zərərli vərdişlərin təbliğinin təsirinə məruz qalırlar:

“Təəssüf ki, bu məsələdə ölkəmizdə boşluq var. 8-10 yaşından etibarən demək olar ki, bütün uşaqların əlində smartfonlar var. Nəzarət olmadan istənilən sosial şəbəkələrə və zərərli resurslara daxil olurlar, baxmayaraq ki, sosial şəbəkələrdə yaş senzurası var. Sosial şəbəkəyə girən azyaşlının psixologiyası korlanır, yaşına uyğun olmayan davranışlar nümayiş etdirir”.

Sosioloq qeyd edib ki, hətta bəzi ölkələrdə məktəblərdə telefondan istifadəyə icazə verilmir:

“Bizdə də bəzi məktəblərdə telefon qadağası tətbiq olunub, amma yenə də uşaqlar yolunu tapıb məktəbə telefon keçirirlər. Valideynlər uşaqlarına nəzarət  etmir, əksinə onların psixologiyasını korlayan vasitələrdən istifadə edirlər. Uşaqları nəzarətsiz qorxunc virtual dünyaya buraxırlar. Sonra da deyirlər ki, niyə belə faciə baş verdi?”

E.Bayramlı rəsmi qadağanın olmasını vacib hesab edir:

“10 ildən çoxdur israrla təklif edirəm ki, 16 yaşdan aşağı uşaqların smartfon istifadəsi tamamilə qadağan edilsin. Uşaqlar kompüterdən bilik əldə etmək məqsədilə istifadə edə bilər- məktəbdə müəllimin, evdə valideynin nəzarəti ilə. Çünki internetdə heç bir məhdudiyyət yoxdur, açıq şəkildə psixotron terror yuvasıdır. Uşaqlar da bu mənfi təsirlərə tez məruz qalırlar. Burada artıq dövlətin qadağasına ehtiyac var. Dövlət sərt qadağalar qoymalı, ciddi cəzalar tətbiq etməli, cərimələr olmalıdır. Bəli, əlaqə saxlamaq üçün uşaq sadə telefondan istifadə edə bilər. Lakin görünür ki, vəziyyətin dəyişməsində heç kim maraqlı deyil. Sağlam cəmiyyətin qurulmasına nail olmaq istəyiriksə, problemlərə ciddi yanaşmalıyıq”.

Törə Zeynallı

Mənbə – Demokrat.az

TvPress.Az
TvPress.Azhttp://tvpress.az
TvPress İnternet Qəzeti

Related Articles

CAVAB YAZ

Şərhi daxil edin.
Adınızı daxil edin.

BİZƏ QOŞUILUN

21,992FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

XƏBƏR LENTİ