15 C
Baku
Bazar ertəsi, Aprel 29, 2024
spot_img

Dünyamızın müdafiə sistemi dağılır: Fəlakət yaxınlaşır? – ARAŞDIRMA

Yer üzərində həyat atmosferdə olan mühafizə qatı sayəsində mümkün olmuşdur. Ozondan ibarət olan bu qat planetimizin canlı aləmini Günəşin zərərli ultrabənövşəyi şüalanmasından mühafizə edir. Lakin antropogen və texnogen təsirlər altında yarım əsrdən artıq bir müddətdə ozon qatının aramsız nazikləşməsi qlobal miqyasda təhlükə mənbəyinə çevrilmişdir.

Ozon qatının vəziyyəti ilə bağlı elmi araşdırmalar həyəcan siqanlı verməyə kifayət edir. Rusiya alimləri apardıqları elmi araşdırmalara və müşahidələrə əsasən belə qənaətə gəliblər  ki, artıq ozon qatında nazikləşmə kritik həddə çatıb və bəzi yerlərdə deşilmək üzrədir. Bir neçə il əvvəl Avropa Kosmik Agentliyi yaydığı hesabatında qeyd etmişdi ki, son 10 ildə atmosferdəki ozon təbəqəsi təxminən 0,3 faiz dağılıb, Antraktida üzərindəki ozon qatı rekord həddə zədələnib.

Ozon qatı nədir və nədən ötrüdür?

Ozon tərkibində 3 oksigen atomu olan molekulyar qazdır. Təxminən 90%-ə qədəri atmosferin stratosfer qatındadır. Atmosferin aşağı qatı olan troposferdə 10%-ə qədər ozon var. Daha yüksək təbəqə olan mezosferdə ozonun miqdarı çox azdır. Maraqlıdır ki, hətta ən çox toplandığı strastosfer qatında belə ozon ümumi molekulların on milyonda bir hissəsini təşkil edir. Buna baxmayaraq stratosfer ozonu Yer üzərində həyat üçün müstəsna rol oynayır. Ozon molekulları Yer üzərində canlıları öldürücü ultrabənövşəyi şüalardan qorumaqla və temperatur rejimini saxlamaqla ümumi ekoloji tarazlıqda mühüm rol oynayır.

Atmosferdə ozonun yaranmasında Günəş şüaları mühüm və əsas rol oynayır. Havada olan oksigen molekulları dalğa uzunluğu 200 nm-dən kiçik şüaların təsiri ilə oksigen atomlarına parçalanır. Yaranmış oksigen atomları oksigen molekulları ilə reaksiyaya girərək ozon molekulunu əmələ gətirir. Yaranmış ozon yenidən daha yumşaq günəş şüalarını udaraq oksigen molekuluna və atomuna çevrilir. Beləliklə, atmosferdə və əsasən onun stratosfer qatında müəyyən miqdarda ozon toplanmış olur. Qlsa desək, Yer üzərində həyatın müqəddaratını qalınlığı cəmi 3 mm-ə bərabər ozon qalxanı müəyyən edir.

Ozon qatının zəifləməsinin səbəbləri

“Nature” (Təbiət) jurnalında dərc olunan elmi məqaləyə görə, son dövrdə ozonun miqdarı 2 dəfədən çox azalıb. Bu nəticələr peyklər vasitəsilə aparılan ölçmələrlə təsdiqlənib. Məlum olduğu kimi, rekativ təyyarələrdən çıxan azot oksidləri ozonla katalitik reaksiyaya girib onu məhv edir. Alimlər soyuducu sistemlərin də ozon qatına ciddi zərər vurduğunu deyir. Belə ki, nəinki azot oksidləri, hətta karbohidrogenlər və xüsusilə də freon adlanan xlorlu karbohidrogenlər ozon olan mühitə düşdükdə günəş şüalarının təsiri ilə ozonun zəncirvari məhvi baş verir.

Bəzi alimlər ozonun azalmasını meteoroloji dəyişmələrlə, Günəşin aktivliyi ilə də izah etməyə çalışsalar da, vicdanlı alimlər bunun sırf antrpogen təsirlərlər, yəni insan fəaliyyətinin təsiri ilə baş verdiyini sübut edirlər. Çünki, bu proses məhz elmi-texniki fəaliyyətin kəskin artmasından sonra müşahidə olunub.

Ozon qatının yeyilərək nazikləşməsinin və nəhayət dağılmasının ən əsas səbəbkarı XFK – freonlardır. 1974-cü ildə Pol Kratsen uzun zaman xlorftor karbohidrogenlərdən istifadə edildikdə ozonun potensial tükənməsinin model analizlərinə aid tədqiqatlarını çap etdirib. Analitik təhlil bu birləşmələrdən istifadə edilməsi nəticəsində 40 km hündürlükdə ozonun qatılığının 1974-cü ilin səviyyəsindən 40% azalmasının mümkünlüyünü göstərmişdir.

Freonlar kimya sahəsində və məişətdə– soyuducularda, kondisionerlərdə, aerozol qablaşdırmalarda geniş tətbiq edilir. Onlar özlüyündə toksiki deyillər, lakin çox davamlıdırlar və tez-gec havanın turbulent hərəkəti nəticəsində stratosferə düşürlər. Orada, ozonun miqdarının maksimum olduğu 20–25 km hündürlükdə freonlar günəşin ultrabənövşəyi şüalanmasının təsirindən parçalanaraq sərbəst xlor əmələ gətirir və ozonun təbii dağılması prosesini sürətləndirir. Bir xlor molekulu 10 minədək ozon molekulunu məhv etməyə qadirdir.

Hələ 70-ci illərdə freonların dünya üzrə istehsalını və onların atmosferə düşmə həcmini hesablayan mütəxəssislər belə qərara gəlmişlər ki, əgər onun istehsal sürəti azalmasa, onda ozon qatının deşilməsi qaçılmaz olacaqdır.

Burada ən təhlükəli hal odur ki, ozon qatının nazikləşməsini sürətləndirən əsas maddələr məhz uzunömürlü kimyəvi maddələrdir. Belə ki, XFK-11, XFK-12 və XFK-13 maddələrinin atmosferdə orta qalma müddəti müvafiq olaraq 50, 102 və 85 ildir. Deməli bu kimyəvi maddələrdən istifadəni hətta dayandırdıqda belə, onların ozon qatını aşılaması hələ uzun zaman davam edəcəkdir.

Ozon qatının nazilməsi canlı aləmə necə zərər vurur?

Elmi-texnoloji inkişafın özü ilə gətirdiyi strateji təhlükələr SOS səviyyəsinə çatıb. Ozonun ümumi miqdarının azalması buzlaqların əriməsinə səbəb olur. Son 100 ildə dünyada orta illik temperaturun 1 dərəcəyə qədər artması və okean sularının səviyyəsinin 15 sm yüksəlməsi ciddi həyəcan siqnalıdır. Yaxın 20 ildə okean səviyyəsinin 60 sm qalxacağı və xeyli sayda sahil şəhərlərinin su altında qalacağı proqnozlaşdırılır.

Antarktidada tarixdə ilk dəfə 20 dərəcədən yuxarı tempratur qeydə alınıb. Sibirdə temprtatur 40 dərəcəyə çatıb. Son elmi məlumatlar ərimənin ehtimal olunandan 100 dəfə daha sürətlə getdiyini göstərdi. Qrenlandiya ildə 500 milyard ton buz itirir və qarın yağması buzun əriməsinin qarşısını ala bilmir. Hesablamalara görə, təkcə Qrenlandiyanın əriməsi dəniz səviyyəsini 7 metr qaldıra bilər, bu özlüyündə böyük fəlakətdir, bunun üzərinə Arktika və Antarktidanın da əriməsini əlavə etsək, vəziyyəti təsəvvür etmək çətin olmaz.

Artıq Arktikada çox böyük miqyasda buzlaqların əriməsi baş verib, əvvəllər atom buzqıran gəmilərin belə gedə bilmədiyi şimal qütbünə indi adi gəmilərlə getmək olur. Antarktida da bu proses gedir, buzlu qitədə orta illik tempratur getdikcə artır, nəhəng buzaqlar qırılaraq əriyib okena qarışır.

Ozon qatının nazilməsi və Günəşin zərərli ultrabənövşəyi şüalarının yerə daha çox keçməsi canlı aləmə ciddi zərər vurur. Statistik məlumatlar göstərir ki, insan üçün ozon qatının tükənməsinin ən ağır nəticəsi- dəri xərçəngi və bədxassəli melanoma xəstəlikləri, gözün kataraktası və göz büllurcuqlarının deformasiyasıdır. Son 30 ildə məhz ozon qatının nazikləşməsinin nəticəsi olaraq 30-dan çox təhlükəli xəstəliklər əmələ gəlmişdir.

BMT-nin rəsmi məlumatlarına görə, ozon qatının cəmi 1% azalması dünyada 100 min yeni katarakta hadisəsinin və 10 min dəri xərçənginin yaranması ilə nəticələnir. Bundan başqa, ozon qatının dağılması parnik effektinin güclənməsinə, bioresursların, xüsusilə su ekosistemlərinin depressiyasına, torpağın deformasiyasına, ətraf mühitin ümumi çirklənməsinə səbəb olur.

Qlobal istiləşmə yerin atmosferində karbon qazı, azot oksidi və metanın miqdarının artması nəticəsində əmələ gəlir. Son əsrdə karbon qazının miqdarı 60% artıb. Bu qazlardan ibarət təbəqə Yerin üzərində toplanır və parnik effekti yaranır, isti havanın stratosferə çatmasına mane olur və nəticədə stratosfer soyuyur, bununla da ozon qatının nazikləşməsi davam edir. Son nəticədə yerin atmosferində havanın temperaturu artmağa başlayır. Meşələr məhv olur, səhralaşma sürətlənir, quraqlıq yaranır. Bütün bunlar isə canlı aləmə ciddi təsir göstərir.

Dünya çıxış yolu axtarır, lakin…

Ozon Qatının Qorunması Haqqında Qlobal Konvensiya 1985-ci ilin martında Vyana şəhərində qəbul edilib. Konvensiyaya görə, ölkələr insan sağlamlığını ətraf mühitin ozon qatının dağılması ilə əlaqədar təsirlərdən qorumağa dair öhdəliklər götürüblər. İndiyədək Vyana Konvensiyasına 175 dövlət qoşulub.

1994-cü ildə BMT-nin Baş Assambleyası 16 sentyabr tarixini “Beynəlxalq ozon təbəqəsinin mühafizəsi gün” elan edib. Azərbaycan ozon təbəqəsinin qorunması üzrə səyləri dəstəkləyir və beynəlxalq razılaşma əsasında qəbul etdiyi öhdəlikləri ardıcıl olaraq yerinə yetirməyə çalışır. Hökumət ozon qatının dağılmasına qarşı mübarizə strategiyası hazırlaynıb və görülən işlər qəbul olunmuş strategiya əsasında həyata keçirilir.

Lakin təəssüf ki, iri sənaye dövlətləri ekoloji zərərlərin azaldılması üçün konkret işlər görmürlər. Hər ölkə təbiətin sərvətlərini daha sürətlə istismar etməyə, daha çox məhsul istehsal etməyə, daha çox gəlir əldə etməyə çalışır ki, bu da öz dəhşətli təsirlərini bütün dünyada göstərir.

Kapitalizm sistemi planetdə bütün canlı aləmin axırına çıxmağa rəvac verir. Lazımsız istehsal həcmi, vəhşicəsinə istehlak çılğınlığı, lüzumsuz rəqabət mühiti və çoxlu sərvət əldə etmək həyasızlığı dünyanı məhvə aparır. Qısası, öz evimizi, yəni dünyamızı şüursuzcasına dağıtmaq, özümüzlə bərabər bütün canlı aləmi də məhv etmək üçün əlimizdən gələn hər şeyi edirik.

Ultrakomfort həyat arzusu, fasiləsiz istehlak xəstəliyi, dəb və özünü başqalarından üstün göstərmək sindromu dünyanın axırına çıxır. Nnüfuzlu alimlərin fikrincə, bu qorxunc prosesi dayandırmaq və hər şeyi geri qaytarmaq üçün son imkanlar da itirilmək üzrədir.

BMT-də müzakirə aparılanda ki, qlobal istləşmənin sürətini azaltmaq və ekoloji böhranı önləmək üçün istehsal və atomosferə tullantılarının həcmi azaldılsın, əksər sənaye dövlətləri minimum azalmanı belə qəbul etmək istəmirlər. Bunun üçün Kioto protokoluna baxmaq kifayətdir. İri dövlətlər protokola qoşulmamaqla göstərdilər ki, onlar planetimizin xilasında yox, özlərinin müvəqqəti nüfuz və üstünlüyündə maraqlıdırlar. Kasıb ölkələr isə deyirlər ki, biz də sizin kimi yaşamaq istəyirik, ona görə də sənayeni azalda bilmərik.

Misal üçün, ABŞ təkbaşına dünya ekologiyasının korlanmasında 40 faizlik paya malikdir. Halbuki onun əhalisi dünya əhalisinin cəmi 3 faizini təşkil edir. Çin və Hindistan deyirlər ki, biz hərəmiz milyard yarım əhalini təmin etməliyik, insanlarımızın varlı ölkələrdəki kimi yaşamaq haqqı var, ya hamı eyni yaşayacaq, ya da biz heç nəyi ixtisar edən deyilik, yəni zərərli sənaye sahələrini və onun tullantılarını azaltmayacağıq.

Bax, dünyamız belə bir şüursuz vəziyyətdə dağılmağa doğru gedir. Bunun səbəbi, hələ də dünyamızda ədalətli və ağıllı insan cəmiyyəti qura bilməməyimizdədir. Nə qədər ki, insanlar sağlam təfəkkürə yiyələnə bilməyib, labüd bəşəri fəlakətdən sığortalanmaq mümkün olmayacaq. Artıq sonun başlanğıcındayıq…

Elçin Bayramlı

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri

TvPress.Az
TvPress.Azhttp://tvpress.az
TvPress İnternet Qəzeti

Related Articles

CAVAB YAZ

Şərhi daxil edin.
Adınızı daxil edin.

BİZƏ QOŞUILUN

21,992FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

XƏBƏR LENTİ