16 C
Baku
Bazar ertəsi, Aprel 29, 2024
spot_img

Televiziyalarda korlanan ana dilimiz – KÜNCDƏN BAXIŞ

Elçin Bayramlı

Televiziya bütün dövrlərdə ən güclü təbliğat vasitəsi hesab olunub. Ədəbi dilin formalaşmasında TV-lərin rolu böyükdür. Bütün ölkələrdə olduğu kimi, Azərbaycan ədəbi dilinin formalaşmasında, xalq tərəfindən öyrənilməsində də televiziyanın böyük rolu olub. Lakin, bu gün AzTV istisna olmaqla televiziyaların demək olar ki, hamısında dil problemi mövcuddur. İctimai TV-də belə qüsurlara nadir hallarda rast gəlinir, lakin özəl kanallarda belə halların sayı-hesabı yoxdur.Aparıcılar ədəbi dili kənara qoyub, jarqonlar, əcnəbi sözlərlə, ara kəlmələri ilə danışırlar.

Üzeyir Hacıbəyov “Yeni üsuli–təbii haqqında bir neçə söz” adlı məqaləsində (Tərəqqi qəzetinin 1909-cu il mart tarixli nömrəsində) yazırdı: ”Biz müəllimlər öz dilimizi bilmirik və bilmədiyimiz üçün bədbəxt dilimizi xarab edirik. Yüzlərlə müəllim ana dilinin qaydalarından heç nə bilmir”. Məqalənin yazılmasından 1 əsrdən çox keçsə də, orada qeyd olunan fikirlər öz aktuallığını bu gün də saxlamaqdadır. Dilimizi ən çox internet mediası korlasa da, bunu televiziyalara da aid etmək olar. Müasir dövrdə televiziya və radio kanallarnın dili olduqca çox müzakirə edilən məsələdir. Bu həmin sahədə çalışan əməkdaşların bəzilərinin konkret olaraq savadsızlığından, digər qisminin isə xarici dillərə meylindən irəli gəlir.

Bir çox televiziya və radio kanallarında aparıcılar verilişlərə dəvət etdikləri qonaqlarla xarici dilə aid sözlərlə danışırlar. Onların danışıqlarının bir hissəsi türkcə, bir hissəsi rusca, bir hissəsi ingiliscə ifadələr əsasında qurulur. Yaşlı nəsil artıq gənclərin danışığından bir şey başa düşə bilmir. Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsəri məcburi şəkildə bütün jurnalistlərə oxudulmalıdır.

Sözlərin “qol-qabırğasını” sındıra-sındıra, hər sözə bir şəkilçi artırmaq və ya azaltmaqla danışmağı kimlərsə dəb salır. Qeyri-səlis tələffüz və diksiya problemi olan aparıcı televiziyanın imicinə güclü ziyan vurur, amma nədənsə bunu telekanal rəhbərliyi görmür, ya da… Efirdə belə bir aparıcını görən tamaşaçı isə bunu özünə qarşı təhqir hesab edir, telekanalı daha az izləyir.

Kommersiya telekanalların aparıcılarına baxanda aydınca görünür ki, intellektual bazaya, normal söz ehtiyatına və ana dilində savadlı danışıq qabiliyyətinə malik deyillər. Bunu söz bazasının zənginliyi barədə də demək olar. Məsələn, Rusiyada TV və mətbuatda 200 mindən çox söz istifadə olunduğu halda, Azərbaycanda mediada istifadə olunan sözlərin sayı 50 mindən artıq deyil. Son vaxtlar isə əksər aparıcı və jurnalistlər cəmi bir neçə min sözlə danışır və yazırlar ki, bu da dilimizin imkanlarına müvafiq deyil.

Bəzi aparıcılar robotu xatırladır. Standart sözlər və ifadələr, şablon cümlələr, məişət danışıq stili…

Elə aparıcılar var ki, diksiyası yerindədir, amma danışan kimi hiss edilir ki, onun savad və dünyagörüşü çox azdır, həyat təcrübəsi yoxdur. Aparıcıların yaş faktoru da oldüqca vacibdir. Bizim xəbər aparıcılarına baxın, çoxu 20-25 yaşlı gənclərdir. Həyat təcrübəsi az olan, savadı və söz bazası zəif olan birinin TV-dən xalqa məsləhət verməsi də bir başqa problemdir.

Televiziya və radiolardakı bu problemə nəzarət edilmədiyindən, cəza tədbiri görülmədiyindən vəziyyət yaxşılaşmaq əvəzinə pisləşir. Üstəlik, televiziya və radioların ucuz işçi qüvvəsi olaraq diletantları cəlb etməsi, peşəkarların kənarda qalmasına səbəb olur və nəticədə bu özünü efirdə aydın göstərir.

Bu məsələ çox vacibdir, biz ana dilimizi qorumasaq, tezliklə dilimiz tamam dəyişəcək, nəsillər arası əlaqə qırılacaq, yeni nəsillər köhnə nəsillərlə bir-birini başa düşməyəcək, yenilər köhnə ədəbiyyatı oxuyanda, köhnə filmlərimizə baxanda çoxunu başa düşməyəcək. Min illərdir qoruyub bu günədək gətirib çıxardığımız milli sərvətimizi indi itirməli deyilik.

Ana dilinin qorunması haqda xüsusi qanun qəbul olunmalı, mediada ana dilinin qaydalarına uyğun olmayan, dilimizin rəsmi lüğətindən kənar sözlər işlətməyə görə ən azı qınaq tətbiq olunmalıdır. Dəfələlərlə qəsdən təkrarlanan hallarda isə cərimələr tətbiq etmək olar.

Hansı yolla olur-olsun, ana dilimizin qorunması dövlət səviyyəsində təmin olunmalıdır. Çünki dil əsas milli-mənəvi sərvətlərdən biridir. Dövlətin də əsas borclarından biri milli-mənəvi sərvətləri qorumaqdır.

TvPress.Az
TvPress.Azhttp://tvpress.az
TvPress İnternet Qəzeti

Related Articles

CAVAB YAZ

Şərhi daxil edin.
Adınızı daxil edin.

BİZƏ QOŞUILUN

21,992FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

XƏBƏR LENTİ