23 C
Baku
Bazar ertəsi, Aprel 29, 2024
spot_img

İdman müəllimi, yoxsa psixopat terrorçu? – KÜNCDƏN BAXIŞ

Sumqayıtdakı idman məktəbində 7 yaşlı uşağın məşqçi tərəfindən fiziki xəsarətlər yetirilərək öldürülməsi geniş ictimai rezonans doğurub. Faciədən hiddətlənən insanlar məşqçinin ağır cəzalandırılmasını tələb edir. Əvvəlcə, hadisə haqda qısa məlumat verim, sonra mən də fikirlərimi bildirəcəm.

2016-cı il təvəllüdlü Fərid Bakarov və qardaşı iki aydır Elm və Təhsil Nazirliyinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin müəllimi, idmançı Mehman Xəlilovun keçirdiyi sambo məşqlərində birlikdə məşq edirmişlər.

M.Xəlilovun Fəridə qarşı təhlükəli fənd işlətməsi səbəbilə onun başının bədəninin altında qalması və boynunun qırılması qardaşının gözləri önündə olub. Məşq zamanı isə uşaqların anası onları zalın qapısı önündə gözləyirmiş. Müşahidə kamerasının çəkdiyi kadrlardan da görünür ki, məşqçi uşağa ardıcıl surətdə fiziki zorakılıq edir, zərbələr endirir, yerə çırpır, ayaq üstə dura bilməyən uşağı saçından tutub sürüyür.

Uşaq ciddi xəsarət aldıqdan sonra məşqçi ananı çağırıb və uşağının altına sidik qaçırdığını söyləyib. Bu zaman ana 7 yaşlı uşağın niyə sidik qaçırdığına təəccüblənib və ayaqlarının tutulduğunu görüb. Ana təcili yardım çağırmaq istəsə də, M.Xəlilov mane olub. Məşqçi uşağı qucağında piyada evə gətirib. Bu zaman uşaq qusub, sonra ana uşağı çimizdirib və görüb ki, halı yoxdur. Həmin vaxt Mehman da orada olub. Ana taksi çağırıb və uşağı Sumqayıt Şəhər Uşaq Xəstəxanasında aparıblar. Amma onun həyatını xilas etmək mümkün olmayıb.

F.Bakarovun qohumları oxu.az-a bildiriblər ki, “M.Xəlilov uşağı xəstəxanaya aparana kimi bütün Sumqayıtı taksi sürücüsünə fırladıb. Yəqin, fikirləşib ki, ölsə, bundan olmasın. Normal insan uşaqla elə davrana bilməz. Ana uşağı ilə davranış videosunu görmədiyi üçün “işdir də, olub”,- deyir. Dünən mürdəşir bizə deyir ki, uşaq döyülüb və bədəni qançırdır. Dedik, ola bilməz. Sən demə, vəhşi kimi döyübmüş”.

Həmin gün uşaq məşqə getmək istəmirmiş. Ana onu güclə aparıb. Məşq zamanı ana 2 dəfə səs-küyə salona daxil olub, hər dəfə də məşqçi onu zorakı şəkildə zaldan çıxarıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3 maddəsi ilə cinayət işi başlanıb. Bu maddə 9 ildən 12 ilədək həbs cəzası nəzərdə tutur.

Kadrlardan aydın olur ki, M.Xəlilov təkcə Fərid Bakarova qarşı deyil, məşqdə iştirak edən digər azyaşlı uşaqlara da xüsusi qəddarlıqla davranıb. Bu səbəbdən də, bu müəllimin ciddi psixi problemi olduğunu düşünürəm. Həm də, o tək deyil, ortalıq psixi xəstə ilə dolub. Əgər belələri çox sərt və ciddi cəzalandırılmasa pis bir tendensiya yaranacaq. Öldürülənin doğmaları belələrini qanundan qabaq tutub cəzasını özü verəcək. Adamlar cəzanın yüngül olduğunu görsələr, artıq qısası özləri alacaqlar. Bu səbəbdən cəzaların xeyli ağırlaşdırılmasını tələb edirəm. Üstəlik, psixi xəstələrin ortalıqdan yığışdırılıb dispanserlərə yerləşdirilməsini.

Valideynlərə isə məsləhətim odur ki, dəb xatirinə uşağınızı hara gəldi qoymayın. Seçərkən həyati dərəcəli fiziki xəsarət ehtimalı olmayan idman növlərini seçin, məsələn, üzgüçülük, gimnastika, futbol, voleybol və s. Əlbəyaxa döyüş növləri idman deyil, bu insanların bir-birinə ağır fiziki xəsarət yetirməklə məşğul olduqları vəhşi bir döyüşdür. Bunları idman adlandırmaq idman adına təhqir olardı.

Uşağınızı idman kursuna qoyanda, heç olmasa maraqlanın, müəllim kimdir, psixoloji vəziyyəti necədir, narkomandır yoxsa yox. Kimə gəldi uşaq etibar etmək olmaz. Yeri gəlmişkən, sosial şəbəkələrdə məşqçinin narkoman olduğu, hədsiz aqressiv hərəkətlər etdiyi və bütün həyatının küçələrdə dava-dalaşlarda keçdiyi deyilir. Belə birisini Elm və Təhsil Nazirliyi nə deyib müəllim kimi işə götürüb, açıqlama verməlidir.

Digər tərəfdən 6-7 yaşlı usaqları ağır idman növlərinə, xüsusən də idmana aid olmayan əlbəyaxa döyüş növlərinə qoymaq olmaz. Ən azı 10 yaşı keçməlidir. Qanuna görə də belə növlərə uşaqlar yalnız 9 yaşdan sonra qəbul olunur. Fəridi isə qeydiyyatdan kənar götürüblər. Demək, nə valideynin savadı, düşüncəsi var, nə də məşqçinin. Qanunlara, məntiqə tüpürən insanlardan yaxşı nə gözləmək olardı ki? Belə məsuliyyətsiz valideynlərin və psixopat məşqçinin ucbatından körpə bir balamız məhv oldu.

Bəli, bu məqamlara fikir verməyəndə belə faciələrin baş vermə ehtimalı yüksək olur və sonra hadisəni törədənlə yanaşı özünüzü də günahlandırmalısınız. Lakin bu, həyatını itirmiş balaları geri qaytarmayacaq. Sadəcə, ömür boyu vicdan əzabı ilə yaşamalı olacaqsınız.

TvPress.Az
TvPress.Azhttp://tvpress.az
TvPress İnternet Qəzeti

Related Articles

CAVAB YAZ

Şərhi daxil edin.
Adınızı daxil edin.

BİZƏ QOŞUILUN

21,992FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

XƏBƏR LENTİ