17 C
Baku
Bazar ertəsi, Aprel 29, 2024
spot_img

Allah öz əsərini eşqlə yaratdı

Hacı Rahid Hüseyn

Allah əzəli olaraq var idi. Və bir gün qərara gəlir ki, öz varlığını təcəssüm etdirən dünyayi-aləmi yaratsın. Yaratdı da…

Şübhəsiz, Allah hər şeyə qadirdir. Onun “OL” deməsi ilə anında yoxdan “VAR” olur.

Anında YOXdan VAR etmə güc və qüdrətinin olmasına baxmayaraq dünyanı 6 günə yaratdı.

Niyə?

Eşq ilə yaratdı.

Yaratmaq xatirinə deyil, sevgi ilə yaratdı.

Təbiətin bir-birini izləyən gözəllik nizamını, “elm inkişaf edib” dediyimiz əsrdə olmağımıza  baxmayaraq, milyonlarla elm əhlinin ağlının dərki xaricində olan ahəng düzənini, “BİZ İNSANI ƏN GÖZƏL SÜRƏTDƏ YARATDIQ” dediyi kimi zərrə əksik, zərrə nöqsan olmadan yaratdı.

Baxdıqca baxırsan. Ağlın gücü çatmayacaq, qəlbin taqəti xaricində  eşq var dünyayi-aləmin yaradılışında.

Bəs İnsan?

İnsan bu eşqdən yararlana bilir?

Eşqlə yradıldığının fərqinə vara bilir?

Etiraf etməyə çətinlik çəksək də danılmaz fakt budur ki, İnsan yaradanın eşqindən, yaradılma eşqindən yararlana bilmir.

Allah heç bir dinində tərki-dünya olmağı əmr etməz. Əksinə dünyanı sevməyi tövsiyyə edər.

Dünyanı sev deyir, aludə olma deyir.

Çünki sevgi və aludə olmaq tamam ayrı-ayrı məfhumdur.

Düşün sən!

Yaşadığın həyatı sevərək yaşayırsan. İnsanları sevirsən. Kin bəsləmirsən.

Bu gün olub, sabah əlində olmayan dünya malı üçün qəlbini yükləmirsən, zamanını israf etmirsən.

Yaşadığın həyatı sevərək yaşayırsan.

Rəqabəti də düşmənçiliklə aparmırsan, saf, səmimi xeyir işlər üçün səy göstərirsən.

Təməlində sevgi olmayan ibadətlər Allah dərgahına yaxınlaşa bilməz.

Bir nəfər din xadiminin yanına gəlir və soruşur:

-“Mən bir məsələdə çox çətinlik çəkirəm. Namaz qılarkən, zikr edərkən dəvələrim yadımdan çıxmır”.

Din xadimi təbəssümlə deyir:

-“Çünki sən dəvələri axıra deyil, ağlına bağlamısan”.

Qəlbində Allaha eşq, insanlığa sevgi yoxdursa əgər, nə fayda hər günün, hər anın səcdədə olsun, nə fayda hər ay mədən oruc olsun?

Sevgisiz ibadəti, ruhsuz bədən kimi düşünsək o zaman tam dərk edərik ki, insanın fitrəti, insanın fikri, insanın zamanı eşqə köklənməlidir.

Eşq varsa, kin yox, küdürət yox, qeybət yox, paxıllıq yox, özünün olmayana meyillilik yoxdur.

Qibtə var, həsəd yox.

Həsəd – Onda olmasın, məndə olsun.

Qibtə – Onda olan məndə də olsun.

Dünyanı, dünyanın ən mükəmməl yaradılmışı olan insanı düşdüyü bütün mənəvi bataqlıqdan, burulğandan, tufandan heç bir qüvvə, heç bir güc xilas edə bilməz. Yalnız və yalnız sevgi xilas edə bilər.

Bunu birmənalı olaraq dərk etməliyik. Birmənalı olaraq qəbul etməliyik.

Qəbul edərək sevgi ilə yaşamasaq, maddi olaraq nə qədər varımız, mülkümüz olsa da, mənəvi olaraq hər zaman özümüzü boşluqda hiss edəcəyik.

Yanımızda intihar edənlərdən xəbərimiz olmayacaq.

Qonşuluqda ac yaşayanlardan xəbərimiz olmayacaq.

Maddi ya mənəvi çətinliyi olan evimizin içində yaşayanlardan xəbərimiz olmayacaq.

Yaşadığımız bapbalaca dünyada əzilən çarəsizlərdən xəbərimiz olmayacaq.

Gözümüz görə-görə kor olaraq yaşayıb gedəcəyik əsən meh kimi.

TvPress.Az
TvPress.Azhttp://tvpress.az
TvPress İnternet Qəzeti

Related Articles

CAVAB YAZ

Şərhi daxil edin.
Adınızı daxil edin.

BİZƏ QOŞUILUN

21,992FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

XƏBƏR LENTİ