23 C
Baku
Bazar ertəsi, Aprel 29, 2024
spot_img

Yalqızam, yalqız…

Lalə Mehralı

Hamımızın asılı olduğumuz virtual həyat sizcə də yalnızlığımızın əsasını qoymayıb? Həyatımızı virtual müstəvidə yaşamağa başlayandan sosial yalnızlığımız da artıb. Virtual dünyanın ünsiyyət qatilinə çevrilməsi bizim sosial çevrəmiz üçün də təhlükədir. Ətrafımızda canlı söhbət edə bildiyimiz, dərdləşəcəyimiz, sevincimizi bölüşəcəyimiz adam qalmadığının fərqindəsinizmi? Bütün dostlarımız virtual platformadadır, tanışlarımızla orada söhbətləşirik, səs atırıq, səs alırıq, görüntülü danışırıq, şəkil, mesaj, paylaşım… Birlikdə canlı ünsiyyət zamanı müzakirə edəcəyimiz hər şeyi bir-birimizin “story”sində izləyib ya köks ötürürük, ya həsəd aparırıq, ya da sevinirik. Övladı, toyu olan, oğlu-qızı məktəbə, universitetə başlayan dost-tanışımıza qonaq gedib canlı-canlı təbrik etmək yerinə şəkil paylaşıb diləklərimizi, təbriklərimizi yazırıq. Yoxsa küsər axı…

Ailə süfrələrində, dost məclislərində ruhən qidalandığımız anları xatırlayın. Üzbəüz ünsiyyət, canlı söhbət, real münasibətdən sonra rahatlamış, dincəlmiş hiss edir insan. Həm ruhən , həm mənən sakit həyatımız var. Qaçhaqaç, qovhaqov deyildi heç nə. 24 saat necə uzun idi, hər şeyi sığışdıra bilirdik içinə. Bir də indiki vəziyyətimizə baxın, 24 saat bizə yetmir, hər işimiz yarımçıq qalır, yeriməyi, dincəlməyi, gəzintiyə çıxmağı unutmuşuq. İnkişaf, texnologiya nə verdi, nə aldı bizdən, hesabını etsək o bizə borclu qalar.

Ünsiyyət vasitələri insanın mövcud olduğu tarixdən bu günə qədər həm də sosial təkamül hesab edilir. Poçt göyərçinləri, günəşin doğması və batması vaxtına uyğun vədələşmək, teleqraf, teleqram, faks, teletayp, məktub kimi ünsiyyət vasitələri, əslində, sosiallaşmanın ilkin nümunəsidir. Rabitə texnologiyalarının inkişafı ilə bu sahədə yenilik durmadan artdı və günümüzdəki texnologiya əjdahası – internet yarandı. Yarandı və bizi əsir aldı.

Rəqəmsal sistemə keçməzdən əvvəl ünsiyyət qurmaq üçün müəyyən vaxta ehtiyacımız var idi, əvvəl görüş təyin edirdik, sonra görüşür, sosiallaşırdıq. Həyat normal axarında idi, tələsmirdik, qaçmırdıq, yorulmurduq. Lakin indi bir neçə saniyə ərzində dünyanın istənilən nöqtəsindəki tanışımızla ünsiyyət qura bilirik, mesajla, adi zənglə, görüntülü zənglə və s. Texnologiya o qədər sürətlə inkişaf edir ki, bəzən özümüz də onun sürətinə yetişə bilmirik. Ən son modelini aldığımız telefonun menyusunu öyrənməmiş yeni versiyası satışa çıxarılır, 2 ay əvvəl son versiyasını aldığımız televizorumuz yeni versiyası çıxan kimi gözümüzdən düşür. Bu texnoloji yarışın fonunda həyatımız keçib gedir. Əvvəl texnoloji yenilikləri addım-addım izləyən bəzilərimiz indi bu qaçaqaçdan yorulub hər şeyi həyatın axarına buraxırıq. Çünki gec də olsa fərqindəyik ki, yeni istehsal edilən hər texnoloji alət bizi normal həyatdan bir qədər də uzaqlaşdırır.

İnsanlar sosiallaşma ehtiyaclarını və real həyatdakı ünsiyyətlərini rəqəmsal platformalara köçürdükdən sonra dostluq, qohumluq əlaqələri də müstəvi dəyişdi. Real həyatdakı münasibətlərimiz indi bir-bir sosial platformalara keçir. Başqa sözlə desək, sosiallaşmaq da zamanla rəqəmsallaşdı. Otaqdan otağa keçməyə ərinən, ailə üzvlərinə sözünü votsapla deyən insanlara çevrildik.

Yalnızlığını gizləyən insanlarla doludur virtual dünya. “Baxın, nə qədər xoşbəxtik”, “bu gün yenə çox xoşbəxtəm”, “bu da bizim mehriban və kiçik ailəmiz”, “mənim pişiyimlə olan kiçik dünyam”, “bu mənim itim deyil, övladımdır və onunla çox xoşbəxtəm”, “özümlə vaxt keçirməyi sevirəm” tipli paylaşımları əslində o insanların yalnızlıq haraylarıdır. Ailəsi ilə eyni süfrədə oturub başını telefonuna əyən insan düşdüyü, əsir olduğu dünyanın təsirindədir. Xoşbəxt, sosial çevrəsinin məhəbbəti ilə bürünmüş, canlı ünsiyyət problemi olmayan insanın süfrədə, ən xoşbəxt olduğu anlarda telefon, sosial şəbəkə, paylaşım yadına düşmür çünki. Ailəsi ilə eyni süfrədə ikən canlı ünsiyyətin keyfinə varmayan, əlində telefon sosial şəbəkələrdə canlı açmaq dərdinə düşən insan sosiallaşmır, sadəcə virtual dünyadan asılı olduğunun fərqində deyil. Nə qədər çox paylaşım, o qədər çox yalnızlıq.

PS: “Smart Insights”in məlumatlarına görə, hazırda dünyada 4,62 milyard sosial şəbəkə istifadəçisi var, aktiv internet istifadəçisinin sayı isə 5 milyarda yaxınlaşıb. İstifadəçilərin sayı artdıqca insanların sosial şəbəkələrdə keçirdikləri vaxt da artır. Hesabata görə, insanlar gündə təxminən 2,5 saatını sosial platformalarda keçirirlər. Amma məncə bu 2,5 saat reallığı əks etdirmir, özünüzü və tanıdıqlarınızı analiz edin, biləcəksiniz.

P.S.S: İnsan təbiətdən nə qədər aralı düşürsə sağlamlığından, psixologiyasından bir o qədər pay verməli olur. Nə qədər virtual həyat, bir o qədər yalnızlıq…

TvPress.Az
TvPress.Azhttp://tvpress.az
TvPress İnternet Qəzeti

Related Articles

CAVAB YAZ

Şərhi daxil edin.
Adınızı daxil edin.

BİZƏ QOŞUILUN

21,992FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

XƏBƏR LENTİ