17 C
Baku
Bazar ertəsi, Aprel 29, 2024
spot_img

Buna nə ad vermək olar? – KÜNCDƏN BAXIŞ

Elçin Bayramlı

Bu günlərdə 2023-cü ildə doğulmuş uşaqlara verilməsinə cəhd edilən biabırçı adların yeni siyahısı açıqlanıb. Bəzilərini qeyd edək… Mayya, Duanur, Alan, Manana, Mayar, Maynisə, Kürsüm, Kurtkaya, Qəribə, Dominik, Alay, Alaya, Alana, Alaz, Aya, Ayə, Ayat, Ayasofya, Ayanur, Balay, Şirbəy, Gülüzə, Gülan, Gülənməd, İton, Elqam, Elaine, Elfun, Elba, Yaşam, Dalila, Daliya, Ayris, Ayçan, Ayid, İyad, Faləddin, Qalası, Bayar, Sağira, Bağış, Su, Sufi, Sudagül, Suman, Manas, Xansu, Şanis, Zeytunə, Kira, Firdus, Firduzə, Baday, Tarif, Lənkəran, Zirah, Yağız, Ərəbzəngi, Siratullox, Caniyat, Ciyərxan…

Siyahıya baxanda şükür edirsən ki, nə yaxşı dövlət bu sahədə biabırçılığın qarşısını almaq üçün uşaqlara belə adların qoyulmasına imkan vermir. Əlbəttə, uşağa adın verilməsi hər bir valideynin öz haqqı və hüququdur. Lakin burada nəzərə alınması vacib olan bəzi məqamlar var.

Ola bilsin valideyn psixi xəstədir, bu, o demək deyil ki, övladına, misal üçün, Sərxoş və ya Məşuqə adı qoya bilər və uşaq ömür boyu lağ hədəfi olmalıdır. Bu psixotravmanı uşağına vurmağa valideynin heç bir ixtiyarı yoxdur.

Əvvəla, qeyd etməliyik ki, adlar milli mədəniyyətin əsas elementlərindən biri olmaqla yanaşı, həm də milli identifikasiya komponentidir. Hər xalqın adları onun öz ana dilində, yaxşı mənası və səslənişi olan sözlərdən seçilməlidir.

Azərbaycan ərəblər tərəfindən işğal olunduqdan sonra, ərəb və yəhudi mənşəli adlar milli adları sıxışdırmağa başladı, sonralar hakimiyyətdə olan farsların təsiri ilə fars adları da buna qoşuldu.

Sovet dövründə ərəb, fars, yəhudi mənşəli adlar azaldı, milli adlar üstünlük təşkil etməyə başladı. Burada əhalinin savadlanması ilə yanaşı, ədəbiyyatın, teatrın, kinonun, aparılan təbliğatın da böyük rolu oldu. Çoxlu yeni milli adlar yarandı ki, bu sətirlərin müəllifinin adı da bura daxildir. Düzdür, bəzən uşaqlara siyasi, iqtisadi terminlər və ya texnika adları qoyulurdu ki, bu da çox nadir hallarda qeydə alınırdı.

Problemlərdən biri də bir neçə məşhur adın kütləvi şəkildə uşaqlara qoyulmasıdır. Bu hal bir xalqın yaradıcılıq və təfəkkür səviyyəsinin lazımi həddə olmadığını göstərir. Zəngin mədəniyyətə, qədim tarixə malik xalqlarda belə hallar olmur və olmamalıdır. Məsələn, yaponlarda 100 mindən yuxarı ad var.

Əgər bir sinifdə 10 oğlan uşağı varsa və 7-sinin adı Məhəmməddirsə və ya 10 qız varsa və 7-nin adı Zəhradırsa, bu, problemdir. Azərbaycan və Türkiyədə bəzi filmlərdə buna işarə edilib və etiraz bilidirib. Məsələn, “Əhməd haradadır” və “Çalıquşu” filmlərini misal göstərmək kifayətdir.

Digər bir təsir seriallarla bağlıdır. Belə ki, bizim evdar qadınlar bütün günü bu seriallara baxır, serial qəhrəmanlarının təsiri ilə yaşayır və uşaqlarına onların adlarının qoyulmasını təkid edirlər. Halbuki bu adın nə mənası, nə də kökü aydın deyil. Bəzi hallarda isə pis mənası var. Ad dəblə yox, milliliyi və müsbət mənası ilə seçilməlidir.

Başqa bir problem müasir gənclərin bizim qədim adlarımızı köhnəlmiş hesab etmələridir. Guya ki, köhnə ad pis imiş, mütləq yeni qondarma, ya da süni dəbə minmiş, mənası naməlum ad qoyulmalıymış. Bu, axmaq yanaşmadır. Əvvəla, köhnə adlar özündə mənəvi-psixoloji mahiyyət, genetik informasiya daşıyır, nəsillərarası əlaqəni qırılmağa qoymur.

İkincisi kim və necə müəyyən edir ki, köhnə adlar pisdir, yeni adlar yaxşıdır? Tək bir hərflə- S ilə başlayan köhnə qız adlarına baxaq- Sona, Süsən, Sənəm, Selcan, Səma, Sevda, Sevinc, Seyran… Sizin hansı müasir adlarınız bunlardan daha mənalıdır, daha gözəldir? Demək, köhnə adlar problem deyil, problem sizin beyninizdədir.

Yeni adlar öz ana dilimizdə olan sözlərdən yaransa, dərd yarıdır. Lakin belə deyil. Xalqımızın tarixində heç vaxt qoyulmayan və işlənməyən sözlərdən ibarət adlar qoyulur uşaqlara. Belə getsə, yaxın gələcəkdə yeni nəsillərlə köhnə nəsillərin adları tamam fərqli olacaq- sanki eyni millətdən deyilik. Nəsillərarası tarixi əlaqə kəsiləcək.

Adlara yanaşmada diqqət verilməsi vacib olan nüanslar var. Elə adlar var ki, insanlar onu lağa qoyur, lakin o Azərbaycanda yaşayan hansısa bir xalqın dilində normal sözdür, normal mənası var, sadəcə, bizə tələffüzü qəribə gəlir, ya da eşitmədiyimiz addır.

Bizim xalqın zəngin mədəniyyəti, zəngin dili var. O qədər qədim adlarımız var ki, onlar unudulub gedir. Ya da bəzi yeni adları öz sözlərimizdən yaratmaq olar. Yetər ki, sağlam düşüncə və istək olsun. Deyəsən, elə çatışmayan da budur.

TvPress.Az
TvPress.Azhttp://tvpress.az
TvPress İnternet Qəzeti

Related Articles

CAVAB YAZ

Şərhi daxil edin.
Adınızı daxil edin.

BİZƏ QOŞUILUN

21,992FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

XƏBƏR LENTİ