16 C
Baku
Bazar ertəsi, Aprel 29, 2024
spot_img

Gələcəyimizi bu kütləyə etibar etmək olmaz, dövlət işə qarışmalıdır – KÜNCDƏN BAXIŞ

Son günlərdə mediada və sosial şəbəkələrdə yayılan videokadrlar, baş verən hadisələr aydın şəkildə göstərir ki, cəmiyyətimizdə mənəvi-psixoloji problem kulminasiya nöqtəsinə çatmaq üzrədir. Ən dəhşətlisi isə odur ki, artıq təkcə böyüklər deyil, uşaq və yeniyetmələr də biabırçı hadisələrlə gündəm yaradırlar.

Adi gözlə də müşahidə etmək olur ki, son vaxtlar cəmiyyətimizdə psixi problemli  insanların sayı artıb. Bu özünü dəhşətli cinayət hadisələrinin, hər cür əxlaqsızlıq əməllərinin artmasında aydın göstərir. Loru dildə desək, cəmiyyət getdikcə cızığından çıxır, uşaqlı-böyüklü. Bu müasirlik adı altında yaradılmış şəraitin, aparılan təbliğatın məntiqi nəticəsidir.

Xüsusən də sosial şəbəkələrin inkişafı bu prosesə rəvac verdi. Başqa yerdə özünü reallaşdıra bilməyən, heç bir xüsusiyyəti, dəyəri, qabiliyyəti ilə gündəmə gələ bilməyənlər  başladılar meymunluq etməyə, əxlaqsız hərəkətlərlə məşhurlaşmağa. Belə bir xəstə prinsip qəbul olunub ki, antireklam da bir reklamdır. Yəni, istənilən yolla- hətta ən biabırçı hadisə ilə, ən əxlaqsız hərəkətlə belə məşhur olmaq lazımdır. Çünki məşhurluq üzərindən özlərinə karyera qururlar və bizim cəmiyyət də belələrinə var gücü ilə dəstək verir.

Bax bu şəxslərin ortada meydan sulaması əslində onların problemi deyil. Bu, cəmiyyətin problemidir, cəmiyyət özü belə istəyir. Yüz minlərlə, milyonlarla insan onlara dəstək verir, videolarına baxır, paylaşır, hər cür həvəsləndirir. Onların kanallarının, səhifələrinin daha çox ortaya çıxmasına səbəb olur. Kütlə normal, faydalı paylaşımlara, faydalı məqalələrə, elmi yazılara, çıxışlara heç bir reaksiya vermir. Təbii ki, istisnalar var- 1-2% səviyyəsində. Amma bütün növ şou, əyləncə, əxlaqsızlıq, biabırçılıq təbliğ edən kontentlərə necə lazımdı dəstək verirlər. Bu o deməkdir ki, bunlar cəmiyyətin öz əsəridir. Faktiki olaraq bizim cəmiyyətimiz xəstədir. Bu gün biz bunu real həyatda da, sosial şəbəkələrdə də aydın şəkildə görürük.

Şəxsən məni böyüklər o qədər də maraqlandırmır, onları xilas etmək imkanları artıq itirilib. Məni yalnız uşaqlar narahat edir ki, bu böyüklərin uşaqları da öz çirkin əməllərinə alət eləmək tendensiyası geniş yayılıb. Çünki burada cəzasızlıq mühiti var, burada ictimai qınaq sıfır səviyyəsindədir. Nəinki ictimai qınaq yoxdur, əksinə, ictimaiyyət onları həvəsləndirir, dəstəkləyir, var gücü ilə bu işə, yəni uşaqların psixoloji cəhətdən məhv edilməsinə dəstək verir. Bəli, belə uşaqlar yaşından  böyük hərəkətlər, fəaliyyətlər edir, hər cür biabırçı məsələlərdə istifadə olunur. Həm özləri bunu eləyir, valideyn əhəmiyyət vermir, həm də bəzən valideynlər özləri bunu təşkil edir. Bu isə uşaqlara çox ciddi psixoloji travma vurur.

Uşaqlar artıq normal uşaqlığını yaşaya bilmir, təhsili, karyerası, gələcəyi üçün sağlam fəaliyyətlə məşğul ola bilmir, belə boş-boş şeylərə yönəldilir. Bu, gələcək həyatlarında çox ciddi problemlərin yaranmasına yol açacaq. Çünki internetdə heç nə itmir. Hər şey əbədi olaraq sistemdə qeyd olunur.

Bir çox ölkələrdə bununla bağlı çox sərt cəza mexanizmləri, qadağalar var. Bəzi ölkələrdə uşağın psixoloji və ya fiziki sağlamlığına zərər vuran valideynlərdən uşaq alınır. Dövlət xüsusi məkanlarda- internat məktəblərdə onları tərbiyə edir. Azərbaycanda da artıq bunun vaxtı çatıb. Doğrudur, mən əslində bunu dəstəkləmirəm. Uşağı bioloji valideynlərindən almaq bir az ağrılı məsələdir, ciddi problemdir uşaq üçün. Amma artıq başqa yol qalmır. Belə insanlara uşaq həvalə etmək cinayətdir, dövlət buna imkan verməməlidir. Əgər valideyn psixi xəstədirsə,  uşaq dövlət tərəfindən xilas edilməlidir.

Bu gün ortada  biabırçı vəziyyət yaranıb. Uşaq, yeniyetmə və gənclərə durmadan əyləncəli bir həyat tərzinin təbliği özünün mənfi nəticələrini çoxdan biruzə verir.  Yeniyetmələrin, gənclərin necə sürətlə narkomaniyaya, kriminala, cəhalətə, müasirlik adı altında hər cür əxlaqsızlığa  sövq olunduğunu  görürük. Buna göz yuman  bir cəmiyyət  deməli, sağlam gələcək istəmir. Bu açıq-aydın faktdır. İstəsətdik, tədbir görərdik, çalışardıq, cəhd edərdik. Amma tam əksinə, vəziyyətin daha da pisləşməsi üçün hər cür dəstək veririk- bilərəkdən ya bilməyərəkdən heç bir fərqi yoxdur.

Təsəvvür edin ki, internet saytlarda, sosial şəbəkələrdə, özəl televiziyalarda ancaq mənfi hallar təbliğ olunur. Ancaq əyləncə, gənclərin veyillənməsi, əylənməsi, böyük-kiçik saymaması, müasirlik adı altında hər cür biabırçılıqları utanmadan etməsi açıq-aşkar şəkildə təbliğ olunur. Qadın azadlığı adı altında qadınların hər cür əxlaqsızlığının adi qəbul edilməsi tələb olunur. Bunun ağır nəticələrini ortada görürük. Ailə institutu darmadağın olunub, boşanmalar üzrə dünyada lider mövqeyə çıxdıq. Dünyanın ailə möhkəmliyi cəhətdən ən lider xalqı, ailənin ən çox dağıldığı xalqına çevrildi.

Ortalıqda əxlaqsızlıq halları, ailədaxili xəyanətlər, uşaq cinayətləri və digər biabırçılıqlar o qədər sürətlə, kütləvi artır ki, adam dəhşətə gəlir. Buna cəmiyyət adı vermək olmaz, bizdə cəmiyyət yoxdur. Cəmiyyət tamam başqa şeydir. Bizdə sadəcə bir insan kütləsi var və belə bir kütləyə nə ölkəmizi, nə dövlətimizi, nə gələcəyimizi etibar eləmək olmaz. Ona görə burada dövlət işə qarışmalıdır, sərt inzibati metodlarla problem həll edilməlidir, qanunlar, qaydalar, mexanizmlər dəyişməlidir. Yalnız radikal tədbirlər cızığından çıxmış insanları yerinə otuzdura, bu biabırçılıqların qarşısını ala bilər. Yalnız ağır cəzalar, ağır cərimələr müasirlik adı altında hər cür biabırçılıqlar törədən qızışmış kütləni yoluna gətirə bilər.

Mən sizi əmin edirəm ki, başqa heç bir yol yoxdur. Qınaqlarımız faydasızdır, maarifləndirmə tamamilə cəfəngiyyatdır və zərrə qədər də kütləyə təsir eləmir. Heç biri də heç kimi maraqlandırmır, heç kim oxumur, baxmır belə. Belə bir kütləni ancaq dövlət zorla tərbiyə eləməlidir və bunun nümunələri dünyanın bütün sivil ölkələrində var. Məsələn, Almaniyanın təcrübəsinə baxsanız, görərsiniz ki, alman xalqını dövlət alman xalqı eləyib, öz-özünə belə olmayıb. Yəni, dövlət bir kütləni belə intizamlı, qanunpərəst, məsuliyyətli, mədəni bir xalqa çevirib. Digər ölkələrdə də belə nümunələr çoxdur.

Qanunlarımız, xüsusilə də ailə məsələləri və məvəni məsələlərlə bağlı qanunlar, təəssüf ki, Avropa Şurasının tələbləri ilə yüngülləşdirilib, nəticədə biabırçı vəziyyət yaranıb. Qanunlar dəyişdirilməlidir, cəzalar artırılmalıdır, nəzarət gücləndirilməlidir. Dövlət ölkənin, xalqın gələcəyini bu kütləyə etibar etməməlidir.

Mən çıxış yolunu yalnız bunda görürəm ki,  sərt şəkildə, çox ciddi, çox radikal tədbirlərlə bu proseslərin qarşısı alınmalıdır. Yəni, biz əgər sağlam cəmiyyət, sağlam gələcək qurmaq istəyiriksə, gələcəkdə güclü dövlətimiz, ağıllı insanlarımız olmasını istəyiriksə, bunu etməliyik. Əks halda proses elə beləcə də davam edəcək və bu halda biz gələcəkdən əlimizi üzməli olacağıq.

TvPress.Az
TvPress.Azhttp://tvpress.az
TvPress İnternet Qəzeti

Related Articles

CAVAB YAZ

Şərhi daxil edin.
Adınızı daxil edin.

BİZƏ QOŞUILUN

21,992FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

XƏBƏR LENTİ