16 C
Baku
Bazar ertəsi, Aprel 29, 2024
spot_img

İtirdiyimiz xüsusiyyətlərimiz: təvazökarlıq – I YAZI

Lalə Mehralı

Təvazökarlıqla öz dəyərini bilməmək arasında incə sədd var

Təvazökarlıq adlandırdığımız və artıq itirməkdə olduğumuz xüsusiyyət həm inkişafımızda, həm də insani münasibətlərimizdə mühüm rol oynayır. İş həyatında təvazökar olmaq bizə həm karyeramızda, həm də iş yoldaşlarımızla və kollektivlə münasibətlərimizin isti olmasında faydalı olur, məişətdə və cəmiyyətdə bu xüsusiyyətimizə görə bizi səmimi, isti və mehriban adlandırırlar.

Ümumiyyətlə, səhvlərindən nəticə çıxaran insanların bir ümumi xüsusiyyəti var: təvazökarlıq. Təvazökar insanlar səhvlərini qəbul edə bilirlər, bu da onları başqalarından fərqləndirir. Maraqlıdır, nə üçün təvazökar insanlar səhvlərdən dərs çıxarmağı daha yaxşı bacarır? Çünki təvazökar insan özü-özünü və haqqında deyilənləri qiymətləndirmədə obyektiv olur. Tərifdən “şişmir”, özünü başqalarından üstün hesab etmir. Təvazökarlığa baxış bucağı da əhəmiyyətlidir. Çünki bəzən təvazö göstərən insanın bu xarakteri qiymətləndirilsə də bir çox hallarda təvazökar insan özünə hörmət etməyən, başqalarının qarşısında alçalan kimi qələmə verilir.

Təvazökarlıq psixologiyası istiqamətində aparılan bütün araşdırmalara görə təvazökarlıq, özünə və şəxsi nailiyyətlərinə qarşı tox olmaq, heç bir halda özünü başqalarından üstün görməmək, öz bacarıqlarını başqalarına qarşı istifadə etməməkdir. Təvazökarlıq bir tərəfdən təkəbbür və lovğalığa əks məna kəsb edirsə, digər tərəfdən də hədsiz dözümlülük kimi qəbul edilməməlidir. Əslində, təvazökarlığın mahiyyəti özünü tanımaqda və ona uyğun davranmaqdadır. Təvazökar insan açıq danışır və səhvlərini etiraf edəcək qədər müdrik insandır. Onlar “mən bunu bacardım”, “bacardıqlarım hamıya bəllidir”, “məndən yaxşısı yoxdur” kimi ifadələrdən uzaq durur. O, şişirdilmiş ifadələrdən qaçır. Ətrafındakıların fikirlərinə və ümumi işə olan faydalarına dəyər verir, ətrafında istedadlı insanların olmasını istəyir və hər fürsətdə onların fikirlərinə dəyər verdiyini göstərir.

Təvazökarlıq özünü alçaltmaq, gözdən salmaq demək deyil, təvazökar insan kənardan qüsurlu, öz dəyərini bilməyən, bacarıqsız biri kimi qiymətləndirilməməlidir. Bunun əksinə, təvazökarlıq müdrik olmaq deməkdir. Təvazökar olmaq sizin ağıllı, lakin hər şeyi bildiyini iddia etməyən biri olduğunuzu göstərən xüsusiyyətdir. Təvazökar xarakter insanı hər şeyi ağ-qara görməkdən uzaqlaşdırır, fərqli rənglərin, fərqli bacarıqların olduğunu göstərir.

Ümumiyyətlə, təvazökarlıq idarəetmədə rolu olan bir insanın ən mühüm bacarığı və üstünlüyüdür. Rəhbər vəzifədə olan şəxslər bəzən hər şeyi bacara bilmədiklərini başa düşdükdə, təvazö göstərib başqalarından yardım istəyəndə kollektivin gözündə də yüksəlirlər. Əgər rəhbər insan ətrafdakılarla təvazökarlıqla ünsiyyət qurursa, eqosunu bir kənara qoyub, başqalarının əməyinə dəyər verdiyini hiss etdirirsə, biri ilə danışarkən, ünsiyyət qurarkən təvazökarlıq göstərirsə, bu, onun ali xarakterinin göstəricisdir.

Təvazökarlığı, bizim məmnunluğumuzu ifadəetmə tərzimiz kimi təsvir edin. Məhz təvazökarlıq sayəsində biz sadə şeylərdən həzz almağı bacarırıq. Eynilə, təvazökarlıq sayəsində biz həyatın çətinliklərinin və faciələrinin öhdəsindən gəlmək üçün özümüzdə güc tapırıq. Təvazökarlıq sizi hər bir xırdalığa, ən sadə iş görən əməkdaşa da diqqət yetirməyə sövq edir.

Əslində, sosial münasibətlərimizin davranışımıza güclü təsiri var. Münasibətlərimiz bizə kiminlə mülayim, kiminlə sərt, kiminlə təvazö, kiminlə lider xüsusiyyətləri ilə ünsiyyət qurmağımızı təlqin edir. Bəzən təvazö göstərən insan kimimizin gözündə təvazökar, kimimizin gözündə isə özünü əzdirən olur. Lakin unutmamaq lazımdır ki, təvazökarlıqla özünü əzdirmək arasında incə bir sədd var. Bütün hallarda kollektivlərdə təvazökarlıq davranışlarını inkişaf etdirmək cəmiyyətin faydasına olacaq.

Köməyə ehtiyacı olduğunu deyən, eyni zamanda, başqalarının bacarıqlarını dilə gətirən insanları sevin. Bu, həm də örnək olmaq deməkdir. Nəyisə bilmədikdə və ya köməyə ehtiyacınız olanda açıq etiraf edin. Başqalarının ortaq işə olan töhfəsini qiymətləndirin, bu sizdən nə isə əskiltmir, əksinə, sizi ucaldır.

İnsan asan olacağını düşündüyü davranışı mənimsəyir, bu, bizim təbiətimizdə var. Yəni, asan olan hər şey bizə cəzbedici görünür. Başqalarını təqdir etmək, bacarıqlarını dilə gətirib tərifləmək əslində o qədər də çətin iş deyil, bir az səmimiyyət kifayət edir. Amma özünü tərifləmək yerinə tənqid etmək, səhvlərini etiraf etmək və bunu başqasının etdiyini görəndə ona heyranlığını göstərmək o qədər də asan deyil, bunu təvazökar insanlar bacarır.

Təvazökarlıq, özümüzə, başqalarına və ətrafımızdakı dünyaya onu olduğu kimi qavramağa imkan verən bir yanaşma tərzidir. Təvazökarlıq insan münasibətlərinin möhkəmlənməsinə, iş həyatında yüksəlməyə və cəmiyyətdə insanların bir-biri ilə daha sağlam münasibətlər qurmasına kömək edir. Təvazökarlıq yoluxucu olmalıdır, bir insandan digərinə ötürüləbilən xüsusiyyətdə ola bilməsi cəmiyyətin xeyrinədir.

Amma narsizm xarakterili insanlarla dolu olan müasir cəmiyyətdə insanların təvazö göstərməsi də günü-gündən azalır. Özünə inamın həddindən artıq olması, özünə vurğun insanların sayının artması, başqalarının fikrini əhəmiyyətsiz hesab edənlərin getdikcə çoxalması bir az da təhlükədən xəbər vermirmi?

TvPress.Az
TvPress.Azhttp://tvpress.az
TvPress İnternet Qəzeti

Related Articles

CAVAB YAZ

Şərhi daxil edin.
Adınızı daxil edin.

BİZƏ QOŞUILUN

21,992FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

XƏBƏR LENTİ