16 C
Baku
Bazar ertəsi, Aprel 29, 2024
spot_img

Rusiyalı ekspertlər: Ermənistan Qərbə arxalanmaqla Zəngəzurda da uduza bilər – ŞƏRHLƏR

“Qarabağda Ermənistan üçün çox xoşagəlməz nəticə, məhz İrəvanın Moskvadan uzaqlaşma siyasətinin nəticəsidir”

“İrəvan Qərbə arxalanarsa, Zəngəzur dəhlizi ilə bağlı məsələnin Ermənistan üçün nə ilə nəticələnəcəyi məlum deyil”

“Ermənistan” adlı kövrək kiçik gəmi Rusiya sahillərindən qərbə doğru sürətlə geosiyasi dönüş edir. Belə ki, Ermənistanın müdafiə naziri Suren Papikyan MDB ölkələrinin müdafiə nazirlərinin Tula görüşünə getməyib, İrəvanın Gümrüdə yerləşdirilmiş 102-ci baza üçün Moskvadan ödəniş tələb etmək niyyətində olduğu və hakim “Vətəndaş sazişi” partiyasının nümayəndələrinin Rusiya telekanallarının Ermənistanda yayımına qadağa qoyulmasına açıq çağırış ilə bağlı söhbətlər yayılıb. Yəni, Paşinyan Ermənistanında açıq-aşkar anti-Rusiya meyili var.

Rusiya İrəvandan edilən bu demarşlara necə cavab verəcək? Rusiyalı ekspertlər Svyatoslav Andrianov, Stanislav Tkaçenko və Stanislav Mitraxoviç “Caliber” analitik mərkəzinə vəziyyəti şərh ediblər. Ekspertlərin fikirlərini oxucularımıza təqdim edirik.

Siyasi Təhlil və İnformasiya Təhlükəsizliyi Mərkəzinin direktoru, Almaniya Xarici Siyasət Şurasının üzvü, Avrasiyada Strateji Tərəfdaşlıq üzrə Berlin Komitəsinin sədri Svyatoslav Andrianovun qeyd etdiyi kimi, baş verənlər məhz mediada dəfələrlə bəyan edildiyi kimidir.

“Nikol Paşinyan məqsədli şəkildə qərbyönlü siyasət yürüdür, bu məsələdə o, ardıcıl və nisbətən proqnozlaşdırıla biləndir. Gözlədiyim kimi, Ermənistan cəmiyyətinin bir hissəsinin Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətdən qəzəblənməsinə cavab olaraq Paşinyan və komandası bu qəzəbi Rusiyaya qarşı yönəltməyə başladılar, dedilər ki, hər şeydə günahkar Moskvadır, Rusiya heç nə etmədi və sülhməramlılar onlara xəyanət etdi. Bu halda, günahkar “təyin olunduğuna” görə, ona qarşı tədbir görülməlidir”, – politoloq qeyd edib.

Həmsöhbətimizin fikrincə, Ermənistan-Rusiya münasibətlərindəki hazırkı vəziyyət Rusiyanın Cənubi Qafqazda təsirini zəiflətməyə hesablanıb.

“Paşinyan Rusiyaya qarşı təhdidlərini həyata keçirə biləcəkmi? Bəzilərini- bəli, amma bəzilərini- yox, çünki onun (ən azı hazırda) onları həyata keçirmək üçün imkanları və resursları yoxdur. Bu və ya digər şəkildə Moskvanın Cənubi Qafqazdakı imicinə ciddi zərbə dəyib və əgər Kreml tezliklə xarici siyasətində bu regionun prioritetini artırmasa, “yeni Qafqaz” üçün yeni qaydalar yazılacaq”- S.Andrianov vurğuladı.

İqtisad elmləri doktoru, Sankt-Peterburq Dövlət Universitetinin professoru Stanislav Tkaçenkonun fikrincə, Rusiya Qarabağ probleminin belə sürətlə həllinə o qədər də hazırlıqlı deyildi.

“Rusiya diplomatiyası çox yaxın vaxtlara qədər düşünürdü ki, 2025-ci ilə qədər danışıqlar aparılana və Qarabağ probleminin əsas aspektləri diplomatlar tərəfindən razılaşdırılana qədər vaxt var. Görünən odur ki, İrəvan da 2025-ci ilə kimi vaxtın olduğunu hesablamışdı, ona görə də Bakının kifayət qədər açıq və birmənalı şəkildə etdiyi Qarabağın demilitarizasiya prosesinin ləngiməsi və Zəngəzur dəhlizinin açılması ilə bağlı xəbərdarlıqlara məhəl qoymadı. Bu yay Azərbaycan və Ermənistan sərhədlərində, eləcə də Qarabağda vəziyyət kəskin şəkildə gərginləşməyə başlayanda Moskva hadisələrə az təsir edərək, sadəcə, onları izlədi”, – politoloq qeyd edib.

Tkaçenko hesab edir ki, Rusiya üçün son aylar bu məsələlərdə çox şey dəyişib. Rusiyanın təhlükəsizliyinin əsas problemləri Şimali Qafqaz çərçivəsində həll olunsa da, əsas rəqib ABŞ və NATO ölkələri olsa da, Cənubi Qafqaza münasibətdə yeni siyasətin işlənib hazırlanması zərurəti dərk edilib və bu məsələnin həll olunması hazırda müzakirə olunur.

“O cümlədən, Türkiyə və Azərbaycanla münasibətlərin yeni modallığının inkişaf etdirilməsi məsələsi, o cümlədən həm qarşılıqlı maraqlar sferasında əməkdaşlıq, həm də Rusiya üçün faydalı olmayan sahələrdə əlaqələrin məhdudlaşdırılması.

Peskov və Zaxarovanın Ermənistanla münasibətlərə dair son bəyanatları- orta dərəcədə sərt və çox tənqidi- Cənubi Qafqaz üçün bu keçid dövrünü əks etdirir. Moskva Ermənistanın təhlükəsizlik problemlərinin həllinə tez-tez bir-birinə açıq düşmənçilik edən dövlətləri cəlb etmək cəhdlərini təəccüblə izləyir: ABŞ, İran, Hindistan, Fransa və s. Görünən odur ki, Moskva hələ də İrəvandan gələn bu diplomatiyanın Ermənistanın hazırkı rəhbərliyinin ümidsizliyi, səriştəsizliyi və ya xəyanəti əlaməti olduğuna qərar verməyib. Rusiyanın Ermənistanın indiki və gələcək hərəkətlərinə reaksiyası sonda hansı nəticənin çıxarılmasından asılıdır”,- S. Tkaçenko bildirib.

Milli Enerji Təhlükəsizliyi Fondunun eksperti və Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin elmi işçisi Stanislav Mitraxoviçin fikrincə, Rusiya çətin ki, erməni tərəfinin addımlarına əsaslı cavab versin, çünki o özü də münaqişə üçün heç bir addım atmır. O qeyd edib ki, Rusiya uzun müddətdir ki, baş nazir Paşinyanın ritorikasını açıq şəkildə qeyri-dostluq kimi qəbul edir. Amma nə münasibət göstərirsənsə elə də cavabını alacaqsan- Ermənistanda deyəsən, bunu tam dərk etməyiblər.

“Məsələn, qeyd edərdim ki, Qarabağda Ermənistan üçün çox xoşagəlməz nəticə məhz İrəvanın Moskvadan uzaqlaşma siyasətinin nəticəsidir. İndi Paşinyan bundan sadəcə olaraq bəhrələnir. Üstəlik, Paşinyanın qarışmadığı macəra qalmayıb : o, amerikalılarla hərbi təlimlər keçirə bilib, arvadı Bakının Qarabağda antiterror tədbirlərinə az qalmış Kiyevə getməyə nail olub. Bəs Rusiya bütün bunlara necə reaksiya verməlidir?

Məsələn, Dmitri Medvedev Telegram-da məşhur paylaşımında Paşinyanın hərəkətlərini kəskin şəkildə pisləyib- bu, artıq Rusiyanın kursunun və baş verənlərə baxışının nümayişidir. Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda antiterror tədbirləri həyata keçirməsi və bu rejimin ləğvi ilə bağlı Rusiyanın neytral mövqeyi, artıq qeyd olunduğu kimi, özlüyündə Moskvanın reaksiyasıdır, bunun nəticəsidir”, – deyə Mitraxoviç bildirib.

Eyni zamanda, onun sözlərinə görə, Ermənistan Fransa və ABŞ-dan dəstək axtarsa ​​da, Rusiyanın Gümrüdəki hərbi bazası böyük ehtimalla qalacaq. Amma İrəvan yalnız bu ölkələrə arxalanıb Rusiyanı unudubsa, o zaman Zəngəzur dəhlizi ilə bağlı məsələnin Ermənistan üçün daha nə ilə nəticələnə biləcəyi məlum deyil.

“Doğrusu, mən Ermənistanın yerində olsaydım, Rusiyadan üz döndərməzdim. Kremlin hansısa konkret hərəkətindən danışsaq, məncə, hər şey Paşinyanın özünün nə edəcəyindən asılıdır. Əgər o, Zəngəzur dəhlizi məsələsində Rusiyaya arxalanmaq üçün hansısa münasibətləri saxlamağa çalışırsa, hansısa kompromis tapmaq olar. Əgər Paşinyan Rusiyadan uzaqlaşmağa davam edərsə, KTMT-dən çıxsa və sairə, o zaman həmin Zəngəzur dəhlizi ilə bağlı məsələ onun üçün Qarabağdan da çətin ola bilər, çünki o zaman problemini təkbaşına həll etməli olacaq. Və burada, məncə, Qərb potensial olaraq yeni münaqişəyə qarışmayacaq. Hər kəs öz taleyinin sahibidir və əgər Paşinyan bu variantı seçibsə, deməli, bu, onun seçimidir”, – deyə S.Mitraxoviç yekunlaşdırıb.

Tərcümə – Elçin Bayramlı

TvPress.Az
TvPress.Azhttp://tvpress.az
TvPress İnternet Qəzeti

Related Articles

CAVAB YAZ

Şərhi daxil edin.
Adınızı daxil edin.

BİZƏ QOŞUILUN

21,992FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

XƏBƏR LENTİ